Səttar Möhbalıyev: “Əminik ki, təxribatın arxasında duran, təşkilində iştirak edən bütün qüvvələr öz layiq olduqları cəzanı alacaqlar”
“Hamıya məlumdur ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri dinc və mehriban şəraitində yaşayırlar. Ölkəmiz bütün dinlərin, o cümlədən İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirib, ən çətin dönəmlərdə belə müxtəlif dini bayramlar, əziz günlər yüksək səviyyədə qeyd olunub, dini ayinlər icra edilib. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır. Müxtəlif dini konfessiyaların, təriqətlərin nümayəndələri ölkəmizdəki şəraitdən hər zaman mənunluqlarını ifadə ediblər”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib.

Onun sözlərinə görə, bəzi özünü dindar adlandıran, İslama ləkə atmağa çalışan radikal qruplar hər zaman olub, onlar bu istiqamətdə ölkəmizi də hədəf alır, nifaq salmağa çalışırlar: “Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasında törədilən təcavüz aktı da bu qəbildəndir. Təbii ki, bu, öncədən planlaşdırılmış, siyasi məqsədlər güdən terror, vandalizm aktıdır. Din pərdəsi altında gizlənən həmin qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna, əldə etdiyi naliyyətlərə kölgə salmağa cəhd edirlər. Məlumdur ki, bu cür başıpozuq qüvvələrin Azərbaycanda heç bir sosial bazası mövcud olmadığından onlar xarici ölkələrdə bu cür təxribatlara əl atır, ölkəmizi gözdən salmağa çalışırlar”.

AHİK sədri əminliyini ifadə edib ki, bununla bağlı Böyük Britaniya hökuməti lazimi tədbirlər görəcək, təxribatın arxasında duran, təşkilində iştirak edən bütün qüvvələr öz layiq olduqları cəzanı alacaqlar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo