Hacıqabul rayonu üzrə təhsil müəssisələrində çalışan 28 nəfər həmkarlar ittifaqı üzvü Birinci və İkinci Qarabağ müharibəsində iştirak edib.
ATİAHİ Hacıqabul rayon komitəsi onlara müntəzəm maddi-mənəvi dəstək göstərir. Zəfər Günü münasibətilə də müharibə veteranları üçün Hacıqabul rayon komitəsi rayon Təhsil sektoru ilə birgə tədbir təşkil edib. Öncə bir qrup müharibə veteranının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə dül dəstələri qoyulub. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşları, Təhsil sektorunun müdiri, təhsildə çalışan müharibə veteranları, Zəfər Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən şer və rəsm müsabiqələrinin qalibləri iştirak ediblər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunduqdan sonra çıxış edənlər Vətən müharibəsində əsgər və zabitlərimizin şücaətindən danışıblar. Qeyd olunub ki, öz ərazi bütövlüyünün bərpası uğrunda haqq savaşına başlayan Azərbaycanın qüdrətli ordusu tarixi torpaqlarımızda XXI əsrin müasir döyüş taktikası ilə düşmənə elə zərbələr vurmağa başladı ki, erməni əsgəri silahını, bayrağını, şərəfini də qoyub qaçmaq məcburiyyətində qaldı. Bu uğurlu döyüşlər hər kəsdə ruh yüksəkliyi yaratdı. Ərazilərini işğaldan təmizləməklə Azərbaycan Ermənistanı, ilk növbədə, BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etdi. Öz xoşu ilə vaxtilə qətnamələrin tələblərini yerinə yetirməyən işğalçı qəhrəman ordumuz tərəfindən cəzalandırılaraq torpaqlarımızdan qovuldu.
Çıxışların ardınca şeir müsabiqəsi qaliblərinin ifasında Vətənimizə, Zəfər bayramına həsr edilmiş şeirlər səsləndirilib. Şeir müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.