1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Hacıqabul rayonunda tədbir keçirilib.
ATİAHİ Hacıqabul rayon komitəsinin Təhsil Sektoru ilə birgə təşkil etdiyi tədbir rayonun Heydər Əliyev Mərkəzində baş tutub.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmiraslanov, Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Zimistan Qurbanov, Hacıqabul Rayon Mədəniyyət Şöbəsinin direktor əvəzi Dövran Həsənov və rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
İştirakçılar öncə Mərkəzin girişində istedadlı uşaqların rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Hacıqabul rayonu üzrə Təhsil Sektorun müdiri Bəxtiyar Ələkbərov tədbirdə çıxış edərək ölkəmizdə uşaqlara olan diqqət və qayğıdan, onların yüksək səviyyədə təhsil almaları üçün yaradılan şəraitdən, hüquqlarının ən ali səviyyədə qorunmasından, uşaqların hərtərəfli yetişməsi üçün dövlət dəstəyindən danışıb.
Sonra o, 2021/2022-ci tədris ili ərzində respublika miqyaslı müsabiqələrdə və idman yarışlarında iştirak etmiş və qalib olaraq layiqli yer tutmuş şagirdlər haqqında məlumat verib.
Digər çıxış edənlər uşaqlara olan dövlət qayğısından, uşaqların əldə etdiyi nailiyyətlərdən, yaradıcı uşaqların uğurlarından bəhs ediblər. Sonda müxtəlif müsabiqələrdə qalib gələn uşaqlara diplomlar və hədiyyələr təqdim olunub.