Hacıqabulda Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

ATİAHİ Hacıqabul rayon komitəsi rayon Təhsil sektoru ilə birgə 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirib. 
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloqu Cavid Səmədov, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru polis kapitanı Cavid Məbudov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkimi Elçin Qənbərov, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkimi, QİÇS-lə mübarizə İnsanın İmmunçatışmazlığı Virusu-diaqnostika laboratoriyasının müdiri Elmira Qədirli, Hacıqabul rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Bəsti Zərbalıyeva, ”Hacıqabul” qəzetinin müxbiri Nazim Zeynalov və şəhər ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər. 
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşılmasına dəstək olmaq və yeniyetmələrin maarifləndirilməsidir. Çıxış edənlər İnsanın İmmunçatışmazlığı Virusundan (İİV), infeksiyanın kəşfindən, tədqiqi tarixindən, sosial xüsusiyyətlərindən, həmçinin yoluxma yollarından danışıblar. Həmçinin şagirdlərə pis vərdişlərdən uzağ durmaq, sağlam ruhda böyümək tövsiyə olunub. İştirakçılara İİV/QİÇS-ə aid bukletlər paylanılıb, onların çoxsaylı sualları cavablandırılıb.
Həmçinin tədbirdə Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Hacıqabul rayonunda məktəblilər arasında mövzu üzrə keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
ATİAHİ Hacıqabul rayon komitəsi və rayonun Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə I yerə şəhər 5 №-li məktəbin şagirdi Məhbubə Məmmədova, II yerə şəhər 7 №-li məktəbin şagirdi Nobat Məmmədova, III yeri şəhər 9 №-li məktəbin şagirdi Ayşən Müslümova layiq görülüb. Onlara diplomlar və müxtəlif hədiyyələr təqdim olunub.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo