Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində şəhid Vüqar Məmmədovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib.
ATİAHİ Hacıqabul rayon komitəsinin dəstəyi ilə baş tutan tədbirdə şəhidin valideynləri, Muğan qəsəbəsindən I və II Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, cəbhə yoldaşları, rayon Veteranlar Şurasının üzvləri, Təhsil sektorunun hərbi işlər üzrə metodisti, ATİAHİ Hacıqabul rayon komitəsinin sədri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Vüqar Məmmədovun məktəbin həyətində ucaldılan büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir məktəbin zalında davam edib. Hacıqabul rayon komitəsinin sədri Kifayət Əmirbəyova çıxışında bildirib ki, mütəqilliyimizin ilk illərində ölkəmizdə yaranmış siyasi böhrandan, anarxiyadan və xaosdan istifadə edərək Erməntstan silahlı qüvvələri öz havadarlarının yaxından iştirakı və dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etdi: “İşğal zamanı bütün yaşayış məntəqələri dağıdıldı, dinc əhali amansızcasına qətlə yetirildi. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı öz ata-baba yurdundan çıxarıldı, köçkün həyatı yaşamağa məcbur oldu”.
O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev elə bir Ordu formalaşdırdı ki, onun keçdiyi 44 günlük döyüş yolu bütün dünyada qəhrəmanlıq dastanına çevrildi: “Heç də təsadüfü deyil ki, yenilməz Ordumuzun döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində maraqla öyrənilir. Azərbaycan əsgərinin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzimkarlığı hələ uzun illər dillərdə əzbər olacaq. Onlar düşmən qarşısında bir addım da geri atmadılar, yalnız irəli getdilər. Vüqar kimi yüzlərlə şəhidimizin qisasını aldılar, torpaqlarımızı azad etdilər”.
Digər çıxış edənlər - şəhidin atası, müəllimləri, cəbhə yoldaşları Vüqarın qısa və şərəfli ömür yoluna nəzər saldılar, xatirələrini bölüşdülər.
Qeyd edək ki, Muğan qəsəbə tam orta məktəbi şəhid Vüqarın adını daşıyır.