Hacıqabulda şəhid anası olan müəllim ziyarət olunub
Hacıqabul rayonunun Muğan qəsəbəsində bir müəllim yaşayır - Gövhər xanım. Gövhər müəllimə şəhid Vüqar Məmmədovun anasıdır. Həmin anadır ki, 1992-ci ilin may ayında yeganə oğlunu Vətənin dar günündə cəbhəyə yola salıb. Vüqar vətənpərvər bir gənc olub, hər zaman ürəyi Vətən eşqi ilə döyünürdü. Bütün analar kimi Gövhər müəllim də oğluna xeyir-dua verərək “sağ-salamat evimizə qayıt” deyib. Lakin 1992-ci ilin dekabrın 21-də Vüqarın silahının səsi həmişəlik susub, şəhidlik zirvəsinə ucalıb. O, özündən sonra vətənpərvərlik məktəbini irs qoydu. Qəsəbə camaatı və müəllimlərin təşəbbüsü ilə bu gün Muğan qəsəbə tam orta məktəb şəhid Vüqarın adını daşıyır. Gövhər ana artıq təqaüdçüdür. Deyir ki, hamı evlərinə gedəndən sonra məktəbə yollanır, orada Vüqarın büstü önündə onunla söhbətləşir. ATİAHİ Hacıqabul rayon komitəsi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Gövhər müəllimi ziyarət edib, onu təbrik edib, müxtəlif hədiyyələr verib.