Hacıqabul rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə müharibə iştirakçıları ilə görüş keçirilib.
ATİAHİ Hacıqabul rayon komitəsinin Təhsil sektoru ilə birgə təşkil etdiyi tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Vətən müharibəsində qazanılan Qələbənin tariximizdə rolundan və əhəmiyyətindən, Ermənistanın puç edilən işğal siyasətindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müharibə zamanı xarici mətbuatın qərəzli suallarına verdiyi tutarlı cavablarından, dəyərli arqumentlərindən, həmçinin nümayiş etdirdiyi sərkərdəlik məharətindən danışıblar.
Bildirilib ki, yenilməz Azərbaycan Ordusu döyüş meydanında işğalçı ordunun başına od ələdi, bütün istiqamətlərdə onları məhv etdi, sağ qalan düşmən əsgəri isə yalnız fərarilik yolu ilə canı qurtaranlardır. Qeyd olunub ki, Azərbaycan xalqı və dövləti hər zaman şəhidlərini yad edəcək, xatirələrini əziz tutacaq. Eləcə də qazilərimiz və veteranlarımız bizim xalqın ən dəyərli övladlarıdır. Və onlara olan ali münasibət heç vaxt əskilməyəcək.
Tədbirdə iştirak edən vetranlar həm dövlətimiz, həm də xalqımız tərəfindən onlara göstərilən ali münasibətdən, diqqət və qayğıdan razılıq ifadə ediblər. Vurğulanıb ki, hər zaman dövlətimizin, Vətənimizin müdafiəsinə hazırdırlar.