Hacıqabulda “Heydər Əliyev ili” ilə bağlı dəyirmi masa təşkil olunub

Hacıqabul rayonunda “Heydər Əliyev ili” çərçivəsində dəyirmi masa keçirilib. Hacıqabul Rayon İcra Hakimiyyətinin, rayon Təhsil sektorunun və ATİAHİ Hacıqabul rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət işçiləri, rayonun elm və mədəniyyət xadimləri, rayon məktəblərinin rəhbərləri və müəllimləri iştirak ediblər. Öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Dəyirmi masada çıxış edən şəhər 8 №-li məktəbin tarix müəllimi Fariz Ağayev, 9 №-li məktəbin tarix müəllimi Gülnar Rəhimova Ulu Öndəri Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğu strategiyasından, həmçinin elm və incəsənətə və bu sahənin nümayəndələrinə olan qayğısından danışıblar. 
Digər çıxış edənlər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolundan söz açıblar. Bildirilib ki, Ulu Öndər özünün zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətdir. Məhz buna görə xalqımız Heydər Əliyevin adını tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.
Tədbirdə Heydər Əliyev haqqında şagirdlər arasında keçirilmiş inşa müsabiqəsinin qalibləri diplomla təltif edilib, onlara hədiyyələr verilib.
 
IMG_2676.JPG 5.25 MB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo