Hacıqabul rayonunda 2 fevral - Gənclər Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda tədbir keçirilib.
ATİAHİ Hacıqabul rayon komitəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Gənclər və İdman İdarəsinin nümayəndəsi Bəsti Zərbalıyeva, Təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov, ATİAHİ Hacıqabul rayon komitəsinin sədri Kifayət Əmirbəyova və ümumtəhsil məktəblərinin gənc müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon komitəsinin sədri Kifayət Əmirbəyova bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclər ölkəmizin dinamik inkişafında müstəsna rol oynamaqdadır: “2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub. Gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası gənclərin potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr verib. Dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında gənclərin fəaliyyəti təmin olunur, yaradıcı potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir”.
O vurğulayıb ki, Azərbaycan həmkarlar ittifaqları işləyən və təhsil alan gənclərin hüquqlarının müdafiəsi, işəgötürənlər tərəfindən gənclərin hüquqlarına əməl olunması, həmkarlar ittifaqı sıralarına cəlb olunması istiqamətində səylə çalışır: “Hər il yay aylarında həmkarlar ittifaqlarının gənc liderlərinin forumları keçirilir, maarifləndirmə kursları təşkil olunur. İl ərzində 100-dən artıq gənc bu kurslarda öz bilik və bacarıqlarını artırır. Bundan başqa ali və orta təhsil müəssisələrində əlaçı tələbə-gənclər üçün “Adlı təqaüd”lər təsis edilir və onlara mükafatlar təqdim olunur”.
Həmçinin tədbirdə çıxış edən şəhər 1 №-li məktəbin tarix müəllimi Tərlan Qasımov, Qarasu kənd tam orta məktəbin tarix müəllimi Rəcəbli Mətanət və Padar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Qəndab Əliyeva Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətindən, bu istiqamətdə görülən işlərdən, gənclərə olan dövlət qayğısından, təhsil, idman və digər sahələrdə gənclərimizin əldə etdiyi nailiyyətlərdən, onlar 44 günlük Vətən müharibəsində rəşadətindən danışıblar.
Sonda bir qrup gənc müəllimə, o cümlədən 2022-ci ilin nəticələrinə görə ”İlin peşəkar gənci” fəxri adını qazanmış Xilə kənd ümumi orta məktəbin tarix müəllimi Fatimə Əkbərliyə fəxri fərman və qiymətli hədiyyələr verilib.